Həyat Dərsləri
Bir talant
Bir talant alan adam “gedib yeri qazdı və ağasının pulunu gizlətdi”. Ən kiçik hədiyyə alan öz talantından istifadə etmədi. Burada özlərini az istedadlı hesab edərək, bundan Məsihə xidmət etməkdən yayınmaq üçün istifadə edənlərə xəbərdarlıq vardır. Onlar düşünürlər ki, böyük işlər görə bilsəydilər, nə böyük sevinclə işləyərdirlər; lakin Allaha xidmət etmək imkanları çox kiçik göründüyü üçün onlar heç bir şey etmirlər. Onlar bunda yanılırlar. Rəbb ənamları paylayarkən xasiyyətimizi sınağa çəkir. Öz talantının çoxaldılmasına etinasızlıq göstərən adam özünü sədaqətsiz qul kimi göstərdi. İnamla demək olar ki, o, beş talant alsa idi, yenə də gedib onları gizlədərdi. Öz yeganə talantına münasibəti göstərdi ki, o, ümumiyyətlə, səma ənamlarına etinasızlıqla yanaşır. HD 279.1
“Az şeydə sadiq olan çoxda da sadiqdir” (Lk. 16:10). Kiçik şeylərin əhəmiyyəti çox zaman məhz onların kiçikliyinə görə lazımınca dəyərləndirilmir; ancaq həyatın həqiqi nizamı məhz onlara əsaslanır. Məsihçinin həyatında əhəmiyyətsiz şeylər yoxdur. Əgər biz həyatda az olanı dəyərləndirmiriksə, bizim xasiyyətimizin formalaşması işində daim böyük təhlükələr olacaqdır. HD 279.2
“Az şeydə sədaqətsiz olan çoxda da sədaqətsizdir”. Hətta ən kiçik vəzifələrində sədaqətsiz olan insan öz Yaradanından borclu olduğu xidmətdə oğurlayır. Belə sədaqətsizlik insanın özünün əleyhinədir. O lütfü, gücü, xasiyyət möhkəmliyini xansını ki, yalnız özünü Allaha tam təslim etməklə əldə edə bilər, əldə edə bilməyəcəkdir. Belə insan Məsihdən uzaqlaşaraq, şeytanın imtahanları qarşısında özünü köməksiz edir və Rəbb üçün gördüyü işində mütləq səhvə yol verir. Bir halda ki o, az şeylərə münasibətdə ali prinsiplərə istinad etmir, özünün xüsusi vəzifəsi saydığı böyük işlərdə də Allaha təslim ola bilməyəcəkdir. Sadə həyat vəziyyətlərində büruzə edilən qüsurlar daha mühüm işlərə də keçir. O, adət etdiyi prinsiplərə uyğun hərəkət edir. Beləliklə, onun һәгәkətləri qüsurlu vərdişlər formalaşdınr, onlar isə öz növbəsində müvafiq xasiyyət formalaşdırır. Xasiyyət isə həm dünya, həm də əbədi həyat üçün bizim aqibətimizi müəyyən edir. HD 279.3
Yalnız az şeylərdə sədaqətli olmaqla, bizdən böyük məsuliyyət tələb olunduğu zaman da düzgün hərəkət etmək olar. Allah Danieli və yoldaşlarını Babilin böyük adamları ilə ünsiyyətə gətirdi ki, bu bütpərəstlər həqiqi imanın prinsiplərini bilsinlər. Burada, bütpərəstlərin içində Daniel Allahın xasiyyətini nümayiş etdirməli idi. Bu böyük etimad və şərəfə o necə nail oldu? Onun məhz az şeylərdə sədaqətli olması bütün həyatının tamlığının əsası idi. O, ən kiçik vəzifələrində belə, Allaha sayğı göstərirdi və Rəbb ona kömək edirdi. Daniel və yoldaşlarına Allah “hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə һәг cür görüntüləri və yuxuları yozmağı da bacarırdı” (Dan. 1:17). HD 280.1
Allah Danieli Babildə Onun haqqında şəhadət etməyə çağırdığı kimi, bizi də müasir dünyamızda Onun şahidləri olmağa çağırır. Ən kiçik və ən böyük həyat hadisələrində O bizim vasitəmizlə insanlara Öz padşahlığının prinsiplərini açmaq istəyir. HD 280.2
Məsih Özünün yerdəki həyatında dəfələrlə ən kiçik iş və qayğılara diqqətli, ciddi münasibət nümunəsi verdi. Onun qəlbində daim böyük xilas işinin məsuliyyət yükü var idi. Nəsihətlər və şəfa verdiyi zaman Onun şüur və bədəninin bütün qüvvələri son dərəcə gərgin olurdu; buna baxmayaraq, O, həyat və təbiətdə baş verən ən sadə şeyləri qeyd etməyi bacarırdı. Onun ən dərin dərsləri sadə təbiət hadisələri ilə təsvir olunurdu, onların nümunəsində O, Allahın padşahlığının böyük həqiqətlərini öyrədirdi. O Öz qullarının ən sadələrinin də ehtiyaclarına laqeyd qalmırdı. Onun qulağı hər bir kömək diləyini eşidirdi. Qələbəlik içində əziyyət çəkən qadının toxunduğunu hiss etdi; ən yüngül inam titrəyişi Onda cavab doğurdu. O, Yairin qızını həyata qaytardıqdan sonra valideynlərinə ona yemək vermələrini xatırlatdı. Öz şəxsi qüdrəti ilə dirildikdən sonra büküldüyü kəfəni səliqə ilə qatlayıb yerinə qoymağı vacib saydı. HD 280.3
Məsihçilərin dəvət olunduğu iş insanların xilası naminə Məsihlə əməkdaşlıqdan ibarətdir. Biz bu işi yerinə yetirmək üçün Onunla əhd bağlamışıq. Bu işə etinasızlıq göstərmək — Məsihə qarşı xəyanət etməkdir. Lakin bu işi yerinə yetirmək üçün biz Onun sədaqət, az şeylərə şüurlu diqqət nümunəsindən öyrənməliyik. Məsihçi həyatının bütün sahələrində və başqalarına təsirdə müvəffəqiyyət qazanmağın sirri bundadır. HD 281.1
Rəbb Öz xalqının ən yüksək pilləyə çatmasını istəyir ki, onlara vermək istədiyi qabiliyyət və imkanları əldə edərək, Onu izzətləndirə bilsinlər. Allahın lütfü vasitəsilə bizə lazım olan hər şey verilmişdir ki, dünyaya onun yaşadığı planlardan daha yaxşı olan böyük planların icra olunması üçün işlədiyimizi göstərə bilək. Biz Allaha və Onun insanların qəlbinə təsir etmək qüvvəsinə iman edərək, intellektdə, dərrakədə, ustalıq və biliklərdə üstünlük əldə etməliyik. HD 281.2
Lakin böyük hədiyyəyə malik olmayanlar da kədərlənməsinlər. Onlar malik olduqlarını ağılla istifadə edərək, Allaha sədaqətlə xasiyyətlərinin hər bir zəif cəhətini pisləşməkdən qoruyaraq, öz qəlblərini İlahi lütfün köməyi ilə möhkəmlətməlidirlər. Həyatdakı hər bir hərəkətimizə bütün sədaqət və itaətimizi cəlb edərək, özümüzdə o cəhətləri möhkəmləndirməliyik ki, onlar bizə tapşırılanı yerinə yetirməyə kömək edəcəklər. HD 281.3
Biz öz vəzifələrimizə etinasızlıq etmək vərdişi ilə qətiyyətlə mübarizə aparmalıyıq. Çoxları unutqanlığa istinad edərək, onu hətta ən kobud səhvlərə bəraət hesab edirlər. Lakin onlar da, başqaları kimi, intellektual imkanlara malik deyildirlərmi? Onlar unutqanlığı ləğv etmək üçün öz şüurlarını intizamlı etməlidirlər. Vacib olanı yerinə yetirməyi unutmaq, borcuna etinasızlıq etmək günahdır. Əgər öz unutqanlığınızla barışsanız, nəticədə öz canınızın xilasına da etinasız ola bilərsiniz və gectez aşkar edəcəksiniz ki, Allahın Padşahlığına hazır deyilsiniz. HD 281.4
Böyük həqiqətlər sizin hətta kiçik işlərinizi də işıqlandırmalıdır. Əməli din gündəlik həyatımızın dolu olduğu az əhəmiyyətli vəzifələrin icrasına da daxil edilməlidir. Hər adamın ən böyük ləyaqəti və həqiqi böyüklüyü onun Rəbbin sözünə bütünlüklə və şərtsiz itaət etməsindədir. HD 282.1
Çoxları öz həyatlarını yararsız sayırlar, çünki bilavasitə hansısa bir mühüm dini fəaliyyətdə iştirak etmirlər və güman edirlər ki, Allahın Padşahlığının yaxınlaşması üçün onlar heç nə etmirlər. Lakin bu düz deyildir. Əgər onlar kiminsə görəcəyi işi görürlərsə, özlərini Allahın nəhəng təsərrüfatında lazımsız, xeyirsiz saymamalıdırlar. Heç hansı bir, hətta ən kiçik vəzifələrə belə etinasızlıq etmək olmaz. Hər bir namuslu iş xeyir-duadır, onun icrasında göstərilən sədaqət və səylər isə gələcəkdə daha böyük vəzifələrin icrası üçün hazırlıq ola bilər. HD 282.2
Ən xırda iş belə, əgər Allah üçün tam səylə görülübsə, Onun tərəfindən ən yüksək xidmət kimi qəbul edilir. Əgər səmimi ürəklə, qəlbdə sevinclə verilibsə, heç bir sovqat az deyil. HD 282.3
Biz harada olsaq da, Məsih bizə görəcəyimiz işi tapşırır. Əgər bu, evdirsə, istəklə alovlanın və səylə onun abadlıq və gözəllik işinə başlayın. Əgər siz anasınızsa, uşaqlarınızı Məsih üçün tərbiyə edin. Bunların hamısı Allah üçün vəzçinin kafedra arxasındakı işi kimidir. Əgər siz mətbəxdə aşpazsınızsa, qarşınıza mahir aşpaz olmaq məqsədi qoyun. Elə yeməklər hazırlamağa çalışın ki, həm xeyirli, həm enerjili, həm də dadlı olsun. Xörəyin hazırlanmasında ən yaxşı ərzaqlardan istifadə etdiyiniz kimi, öz şüurunuzu da ən gözəl fikirlərlə qidalandırın. Əgər siz torpağı becərməklə, yaxud başqa xeyirli işlə məşğulsunuzsa, öz vəzifələrinizi ən yüksək səviyyədə icra etməyə çalışın. Öz şüurunuzu icra etdiyiniz işdə cəmləşdirin. Özünüzün hər bir fəaliyyətinizdə Məsihə bənzəməyə çalışın. Sizin yerinizdə O necə hərəkət edərdirsə, elə hərəkət edin. HD 282.4
Sizin talantınız nə qədər az olsa da, Allah ondan ötrü öz mühüm yerini müəyyən edibdir. Hətta bu bir talant ağılla yönəldilərək, onun üçün nəzərdə tutulmuş işi yerinə yetirəcəkdir. Ancaq ən kiçik vəzifələrimizin icrasında səy göstərərək, biz öz talantlarımızın çoxaldılmasını düşünməliyik; Allah isə Öz tərəfindən onların bizdə çoxaldılması üzərində işləyəcəkdir. Bu tərkib hissələrinin hamısı Onun işinə ən dəyərli töhfə olacaqdır. HD 283.1
Qoy sizin canlı imanınız ən kiçik vəzifələrinizin belə icra edilməsində parıldayan qızıl ip olsun. Onda sizin hər bir gündəlik işiniz məsihçiliyin möhkəmlənməsi və genişlənməsinə xidmət edəcəkdir. Nəzəriniz daim İsaya yönələcəkdir. Ona olan məhəbbətiniz gördüyünüz һәг işə canlı qüvvə verəcəkdir. Beləliklə, talantların layiqli istifadəsi ilə özümüzü qızıl zəncirlə uca aləmlə bağlaya bilərik. Həqiqi qüdsiyyət elə budur; çünki qüdsləşmək gündəlik vəzifələrimizi sevinclə icra etmək, tamamilə Allahın iradəsinə itaət etmək deməkdir. HD 283.2
Ancaq bir çox məsihçilər onlara yalnız hansısa böyük bir işin tapşırılmağını gözləyirlər. Öz iddialarına uyğun geniş meydan tapmayaraq, onlar adi həyat vəzifələrini səy ilə icra etməyə çalışmırlar. Bu onları maraqlandırmır. Beləliklə, gündən-günə Allaha öz sədaqətlərini göstərmək imkanlarını əldən verirlər. Həyat ancaq böyük işlər gözləməklə keçir. Nəticədə normal həyat məqsədinə çatılmır, insanın öhdəsindən gələ biləcəyi iş görülməmiş qalır. HD 283.3