Həyat Dərsləri
Qaytarılmış talantlar
“Uzun bir zaman keçdikdən sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi”. Rəbb Öz qullarından hesabat tələb etdiyi zaman müəyyən edəcəkdir ki, insan öz talantlarından nə qədər səmərəli istifadə etmişdir. Görülmüş iş işçinin xasiyyətini aşkar edir. HD 283.4
Beş və iki talant alanlar onlara etimad edilmiş ənamları qazanılmış gəlirlə bərabər Rəbbə qaytarırlar. Bunu edərkən, onlar özləri üçün heç bir mükafat tələb etmirlər. Axı talantları onlara Allah vermişdir; gəlirə gəldikdə isə, talantlar olmasa idi, o da olmazdı. Onlar doğru hesab edirlər ki, yalnız öz borclarını icra edirlər. İlkin sərmayə Rəbbə məxsusdur; deməli, gəlir də Ona mənsubdur. Əgər Xilaskar onların üzərinə Öz məhəbbət və lütfünü axıtmasa idi, onlar əbədiyyət üçün yararsız olardılar. HD 284.1
Lakin Ağa talantları alarkən işçiləri elə təqdir və təltif edir ki, sanki xidmət tamamilə onlara məxsusdur. O onlara razılıq və sevinclə baxır. O, xoşbəxtdir ki, onlara xeyir-dua verə biləcəkdir. Onun onlardan gözlədiyi bütün xidmət və sovqatlar Ona borcun qaytarılması üçün deyil, ürəyi onlara qarşı sevgi və şəfqətlə dolu olduğu üçün lazımdır. HD 284.2
“Afərin, yaxşı və sadiq qul! — O deyir. — Sən az şeydə sadiq oldun, səni çox şeylər üzərinə qoyacağam; ağanın sevincinə şərik ol”. HD 284.3
Allaha sədaqətli, vəfalı olmaq, Ona məhəbbətlə xidmət etmək İlahi etiraf alır. Müqəddəs Ruhdan törəyən və insanı xeyrixahlığa vadar edən, onu Allaha yönəldən hər bir təkan səmavi kitablarda qeyd edilir və İlahi hökm günündə Onun Öz planını həyata keçirməsində istifadə etdiyi işçilər təltif ediləcəkdirlər. HD 284.4
Onlar Onun padşahlığında öz zəhmətləri vasitəsilə bağışlananları gördükləri zaman Rəbbin sevincinə şərik olacaqdırlar. Onlar orada da Onun işlərində iştirak edə biləcəklər, çünki Onun buradakı işində iştirak etməklə özlərinin yararlı olduqlarını sübut etdilər. Bizim səmada malik olacağımız xasiyyətimiz də buradakı müqəddəs xidmətimizdəkinin inikası olacaqdır. Məsih Özü haqda dedi: “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə gəlmişdir” (Mt. 20:28). Yerdəki bu işi göydə də Onun işidir. Bizim də bu dünyada Məsihlə işləməyimizin mükafatı daha böyük qüvvə və Onunla gələcək dünyada işləməyimiz üçün daha geniş üstünlük olacaqdır. HD 284.5
“Və bir talant almış da gəlib dedi: Ağa, sənin sərt bir adam olduğunu bilirdim; əkmədiyin yerdən biçirsən, səpmədiyin yerdən yığırsan. Qorxdum, gedib sənin talantını torpaqda gizlətdim; götür öz malını geri!” HD 285.1
Beləliklə, insanlar özlərinin Allahın ənamlarına etinasızlıqlarına bəraət qazandırmağa çalışırlar. Onlar Allaha sərt müstəbid, onların hər bir səhvini qeyd etməyə çalışan və onları Öz hökmü ilə yaxalamağa tələsən bir varlıq kimi baxırlar. Elə hesab edirlər ki, O onlardan heç vaxt vermədiyini tələb edərək, səpmədiyi yerdən yığır. HD 285.2
Çoxları öz ürəklərində hesab edirlər ki, Allah sərt ağadır, çünki Özünə xidmət tələb edərək, onlardan özlərinə məxsus olan şeyləri istəyir. Əslində isə, biz Allaha Onun mülkiyyəti olandan başqa heç nə verə bilmərik. “Çünki hər şey Səndəndir, — Davud deyir, — və əlindən aldığımızı Sənə verdik” (1 Saln. 29:14). Hər şey Allaha məxsusdur və yalnız yaradılış nəticəsində deyil, həm də xilas nəticəsində. Bu dünyada və gələcəkdə bizə veriləcək bütün xeyir-dualar üzərində Qolqota çarmıxı nişanı olaraq verilir. Buna görə Allah zalım ağadır” müddəası yalan və əsassızdır. HD 285.3
Məsəldə ağa pis qulun ədalətsiz ittihamlarını təkzib etmir, lakin göstərir ki, qulun davranışı məhz ona görə bağışlanmazdır ki, o qabaqcadan ağanın tələblərini bilirdi. Qulun talantdan gəlir əldə etmək üçün imkan və qabiliyyətləri var idi. “Mənim gümüşümü sərraflara verməli idin ki,o deyir, — mən gələndə onu gəlirlə geri alım”. HD 285.4
Səmavi Atamız bizdən öz imkan və qabiliyyətlərimiz sayəsində görə biləcəyimizdən nə az, nə də çox istəyir. O Öz qullarının üzərinə onların götürə bilməyəcəkləri yükü qoymur. “Çünki necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur” (Məz. 103:14). Onun bizdən tələb etdiyi hər şeyi, İlahi lütf vasitəsilə verə bilərik. HD 285.5
Ancaq “kimə çox verilmişsə, ondan çox tələb olunacaqdır” (Lk. 12:48). Bizim hər birimiz bacardığımızdan bir az belə zəif işlədiyimizə görə məsuliyyət daşıyacağıq. Rəbb bizim xidmət üçün ehtiyatımızda olan hər bir imkanı dəqiq bilir. İstifadə edilməmiş qabiliyyətlər — artıra bilmədiyimiz qabiliyyətlər kimi əleyhimizə şəhadət edəcəkdir. Allah bizi ola biləcəyimiz, lakin öz talantlarımızı lazımınca istifadə etmədiyimizə görə olmadığımız hər şeyə görə məsul hesab edir. Biz görməli olduğumuz, lakin öz qüvvələrimizi Allahın izzətləndirilməsi üçün istifadə etmədiyimizə görə görmədiyimiz işlərə müvafiq mühakimə ediləcəyik. Hətta tamamilə öz canımızı itirməsək də, biz əbədiyyətdə talantlarımızdan istifadə etməməyin nəticələrini dərk edəcəyik. Bizim əldə edib inkişaf etdirə biləcəyimiz, lakin etdirmədiyimiz bilik və bacarığa müvafiq müəyyən əbədi itki olacaqdır. HD 286.1
Lakin əgər bütövlüklə özümüzü Allaha həsr ediriksə və özümüzün bütün fəaliyyətimizdə Onun göstərişlərinə riayət ediriksə, O, üzərimizə qoyduğunun yerinə yetirilməsi üçün Özünü məsul edir. O istəmir ki, biz öz başlanğıclarımızın və səylərimizin uğur, yaxud uğursuzluğuna dair tərəddüd edək. Bir an belə öz müvəffəqiyyətimizə şübhə etməməliyik. Biz məğlubiyyət bilməyən Şəxslə əməkdaşlıq edirik. HD 286.2
Öz zəifliyimizdən və nəzərdə tutulanları icra edə bilmədiyimizdən danışmamalıyıq. Bu, Allaha imansızlıq, Onun sözünə şübhə etmək olardı. Biz qayğılar yükünə görə şikayət etməklə və yaxud da Onun bizdən tələb etdiyi məsuliyyəti üzərimizə götürməkdən hər hansı bir yolla imtina etməklə demək istəyirik ki, O, sərt ağadır, bizdən icra edilməsi üçün güc vermədiyi şeyi tələb edir. HD 286.3
Tənbəl qul ruhunu biz çox zaman itaət adlandırırıq. Ancaq həqiqi itaət tam başqa şeydir. İtaətkar olmaq — intellektual gerilik rolu ilə razılaşmaq, yüksək arzulardan imtina etmək, qorxaq olmaq, öz yükünü gücü çatmayacaq deyə арага bilməməkdən qorxmaq demək deyildir. Həqiqi itaətkarlıq Allahın hər bir niyyətini Onun gücünə istinad edərək icra etməyə hazır olmaq deməkdir. HD 286.4
Allah istədiyi adamın vasitəsilə hərəkət edir. Bəzən O, ən sadə zəhmətkeşi böyük işin görülməsi üçün seçir ki, Onun gücü insanların ən zəiflərinin vasitəsilə açılsın. Bizim öz ölçülərimiz vardır və onlara uyğun olaraq, bir şeyi əhəmiyyətli sayırıq, başqasını isə əhəmiyyətsiz; lakin Allah bizim ölçülərimizlə ölçmür. Bizdən ötrü böyük olan Allah üçün heç belə sayılmaz, bizim nəzərimizdə əhəmiyyətsiz olan isə mütləq Ondan ötrü də kiçik deyildir. Öz talantlarımız haqqında müzakirə etmək, yaxud da özümüz üçün fəaliyyət səhəsi seçmək bizim işimiz deyildir. Biz öz üzərimizə məhz o yükü qoymalıyıq ki, Allah onu bizə Onun naminə daşımaq göstərişi verir; hətta rahatlıq vaxtında da Ona gəlməliyik. Biz hər hansı bir iş görsək də, əgər onu təmiz ürəklə, sevinclə ediriksə, Allaha sayğı göstəririk. Öz vəzifələrimizi minnətdarlıqla, Onun həmişçiləri olmağa layiq olduğumuza sevinərək icra etməyimiz Ona xoşdur. HD 287.1