Həyat Dərsləri
İstifadə olunaraq çoxaldılmış talantlar
İşlədilən talantlar çoxalır. Müvəffəqiyyət heç zaman təsadüf, yaxud tale işi deyildir; bu, Allahın şəxsi Uzaqgörənliyinin nəticəsi, iman və tədbirlilik, xeyirxahlıq və əzmli səylər əvəzində verilən təltifdir. Rəbb istəyir ki, biz hər ənam istifadə edək; əgər biz bunu ediriksə, Rəbb bizə daha çox hədiyyələr verir. O bizə malik olmadığımız keyfiyyətləri fövqəl təbii surətdə vermir; fəqət malik olduğumuzu istifadə etdiyimiz zaman Allahın Özü bizimlə işləyərək, olan keyfiyyətləri kamilləşdirir. Rəbbə qızğın, fədakar xidmət etməklə biz özümüzü itirmirik. Əksinə, qüvvələrimiz çoxalır. Özümüzü Müqəddəs Ruha tabe etdikdə, Onun aləti olduqda Allahın lütfü bizdə hərəkətə gəlir ki, qəlbimizdən əvvəlki niyyətlərimizi kənar etsin, pis təmayüllərimizə qalib gəlsin və yeni, xeyirli vərdişlər yaratsın. Ruhun belə bir faydalı təsiri altına düşərək, ürəklərimiz daha çox Onun gücündə olur və bu bizə öz işimizi daha yaxşı yerinə yetirmək imkanı verir. Bizim bu ana qədər yatmış qüvvələrimiz oyanır və tələb edilməmiş qabiliyyətlərimiz yeni həyata malik olur. HD 277.1
Allahın çağırışına itaətlə səs verən ləyaqətli işçi Onun köməyinə əmin ola bilər. Belə bir böyük və müqəddəs məsuliyyəti öz üzərinə götürmək artıq öz-özlüyündə xasiyyətin yüksəldilməsi deməkdir. Bu məsuliyyət ən yüksək əqli və ruhlu qüvvələri hərəkətə gətirir, şüur və ürəyi möhkəm və təmiz edir. Allahın qüdrətinə imanla zəif insan necə böyük gücə malik olur, onun səyləri necə qərarlı olur və necə gözəl nəticələr verir. Kim ki ən kiçik biliklərdən başlayaraq, öz təvazökarlığına görə yalnız həqiqətən bildiyi haqda danışır, eyni zamanda daha çox bilməyə çalışaraq, öz ehtiyaclarını ödəmək üçün onu gözləyən hüdudsuz səma sərvətlərini aşkar edəcəkdir. Ona verilmiş işığı nə qədər başqalarına verməyə çalışacaqsa, bir o qədər işıq ona veriləcəkdir. İlahi Kəlamı başqalarına nə qədər çox izah ediriksə, o bizim üçün bir o qədər aydın olur. Biz öz biliklərimizlə nə qədər çox bölüşürüksə və öz qabiliyyətlərimizi burada, yerdə, insanların içində nə qədər fəal istifadə ediriksə, bir o qədər çox bilik və qüvvələr alacağıq. HD 277.2
Bizim Məsih naminə göstərdiyimiz һәг bir səyimiz özümüzün xeyirdua almağımıza səbəb olur. Bütün imkanlarımızı Onun izzətləndirilməsi üçün istifadə ediriksə, O bizə daha da çox verir. Biz başqa canlar haqqında qayğını öz üzərimizə götürərək, onları Məsihə cəlb etmək istəyəndə öz ürəklərimiz Allahın lütfünün təsiri altında daha bərk döyünür; öz hisslərimiz İlahi eşq ilə alovlanır; bizim bütün məsihçi həyatımız daha çox cəhdli və dualı olaraq böyük reallığa malik olur. HD 278.1
Səmada insanın dəyəri onun ürəyinin Allahı dərk etmək qabiliyyətinə uyğun olaraq müəyyən edilir. Bu dərrakə bütün gücümüzün törədiyi mənbəədir. Allah insanı elə xəlq edibdir ki, onun hər bir qabiliyyəti İlahi şüuru əks etdirə bilsin; O daim çalışır ki, insan şüurunu Allahla harmoniyaya gətirsin. O, dünya qarşısında Məsihin lütfünü göstərməklə bizə Onunla əməkdaşlığın xeyir-dualı imkanını verir ki, biz bu müqəddəs işdə səmavi biliklərimizi çoxalda bilək. HD 278.2
Məsihə baxaraq biz Allahı daha aydın və əyani dərk edirik və bu bizi dəyişir. Bu zaman xeyirxahlıq, öz qonşularımıza qarşı məhəbbət təbii ehtiyaclarımız olur. Bizdə Allahın xasiyyətinə uyğun olan şəxsi cəhətlər inkişaf edir. Ona bənzər böyüyərək Allahı dərk etmək qabiliyyətimizi inkişaf etdiririk. Səmavi aləmlə münasibətlərimiz getdikcə daha çox dərin, məhsuldar olur və bizim bilik sərvətlərini və müdriklik mənbəyini mənimsəmək gücümüz daim çoxalır. HD 278.3