Həyat Dərsləri

53/61

Xeyirxah niyyət və meyllər

Xeyirxahlıq, alicənablıq, qəlb həssaslığı, ruhlu incəlik elə dəyərli istedadlardır ki, onlar öz sahiblərinə əlavə məsuliyyət yükü verir. Onların hamısı Allahın xidmətinə sərf olunmalıdır. Lakin burada çoxları yanılırlar. Bu keyfiyyətlərə özlərinin malik olmaları ilə kifayətlənərək, bu adamlar onlardan hansısa bir əməli xidmətdə başqalarının xeyrinə istifadə etmək imkanını əldən verirlər. Onlar özlərinə təsəlli verirlər ki, əgər onlara müvafiq imkanlar verilsə idi, əgər münasib şərait olsa idi, böyük xeyirxah işlər görə bilərdilər. Lakin onlar belə imkanları yalnız passiv vəziyyətdə gözləməkdədirlər. Onlar ehtiyacı olana könülsüz şəkildə qəpik-quruş verən xəsisə nifrət edirlər. Onlar görürlər ki, xəsis özü üçün yaşayır və bilirlər ki, öz istifadə edilməmiş talantlarına görə o cavab verəcəkdir. Böyük məmnunluqla özləri ilə bu avam, xəsis insanlar arasındakı təzadı qeyd edirlər, güman edirlər ki, onların vəziyyətləri bu xəsislərinkindən qat-qat üstündür. Lakin özlərini aldadırlar. İstifadə edilməyən keyfiyyətlərə ancaq malik olmaq, insanın məsuliyyət və təsirini yalnız ağırlaşdırır. Allahdan böyük və alicənab hissləri pay almış insanlar, onları yalnız öz dostlarına qarşı deyil, köməyə ehtiyacı olanların hamısına münasibətdə göstərməlidirlər. Sosial üstünlüklər də talantlardır ki, bizim təsir hüdudlarımızda olanların hamısının xeyirinə istifadə olunmalıdır. Yalnız çox az adam üçün göstərilən məhəbbət həqiqi məhəbbət deyildir. Bu ancaq pərdələnmiş özünəməhəbbətdir. O heç cür canların xeyrinə və yaxud Allahın izzəti üçün xidmət etməyəcəkdir. Öz talantlarını istifadə etməyənlər Allah qarşısında daha çox təqsirkardırlar, nəinki onların nifrət etdikləri insanlar. Onlara deyiləcəkdir: “Siz Ağanın iradəsini bilirdiniz, lakin onu icra etmədiniz”. HD 276.2