Həyat Dərsləri
Maddi vəsaitlər
Allah insanlara həm də vəsaitlər verir. O, insanlara vəsait əldə etmək və çoxaltmaq üçün güc verir. Torpağı səmavi şeh və təravətli yağışlarla sulayır. O, torpağı isindirən gün işığı verir, bütün təbiətə həyat verərək çiçəklənmə və məhsul bəxş edir. Ona həqiqətən məxsus olanın qaytarılmasını gözləyir. HD 274.1
Bizə vəsait ona görə verilməmişdir ki, biz özümüzü izzətləndirək. Sadiq idarəçilər kimi, biz bəxş edilmiş hər şeyi Allahın şərəfi və izzəti naminə istifadə etməliyik. Bəziləri hesab edirlər ki, malik olduqları vəsaitin yalnız bir hissəsi Allaha məxsusdur. Onun bir hissəsini dini və xeyriyyə məqsədlərinə ayıraraq, bütün qalan hissəsini özləri istədikləri kimi istifadə edə biləcəkləri mülkiyyət hesab edirlər. Ancaq bunda səhv edirlər. Bizim malik olduğumuz hər şey Allahındır və onların istifadə edilməsinə görə Onun qarşısında cavabdehik. Bizim hər qəpiyimizi necə xərclədiyimiz Allahı hər şeydən artıq və qonşumuzu özümüz qədər sevib-sevmədiyimizi çox aydın şəkildə göstərir. HD 274.2
Pulun böyük dəyəri vardır, çünki onun köməyi ilə çoxlu yaxşılıqlar etmək mümkündür. Allahın övladlarının əllərində pul — aclar üçün qida, susuzlar üçün su və çılpaqlar üçün paltardır. Onda istismar edilənlər üçün mühafizə və xəstələr üçün yardım vardır. Lakin əgər mühüm həyat ehtiyaclarının ödənilməsinə, başqalarının xeyir-duasına və Allahın işinin irəliləməsinə xidmət etmirsə, öz-özlüyündə pul qumdan artıq dəyərə malik deyildir. HD 275.1
Var-dövləti bir məqsəd olaraq toplamaq yalnız xeyirsiz deyil, əsl lənətdir. Həyatımızda pul toplamaq qəlb üçün tələdir, o bizi səmavi sərvətlərə bağlılıqdan və məhəbbətdən yayındırır. Böyük İlahi hökm günündə istifadə edilməmiş talantlar və itirilmiş imkanlar haqqında şəhadət edərək, toplanmış var-dövlət öz sahibini məhkum edəcəkdir. Yazılar deyir: “Gəlin indi, ey varlılar, başınıza gələcək fəlakətlərdən ötrü ağlayın və fəryad edin! Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. Qızıl və gümüşünüz paslanıb və onların pası sizə qarşı şəhadət olacaq və ətinizi od kimi yeyəcək. Siz son günlərdə sərvət topladınız. Budur, tarlalarınızı biçən işçilərin hiylə ilə gizlətdiyiniz əmək haqqı fəğan edir. Biçinçilərin fəryadı Səmavi Orduların Rəbbinin qulaqlarına çatdı!” (Yaq. 5:1-4). HD 275.2
Lakin Məsih şüursuz israfçılığa da bəraət qazandırmır. O, qənaətcil olmağı öyrədir: “Heç bir şey zay olmasın deyə artıq qalan tikələri toplayın” — bu dərs də Onun bütün davamçılarına aiddir (Yəh. 6:12). Vəsaitin Allahın verdiyi güc olduğunu başa düşən şəxs onlardan qənaətlə istifadə edəcək və onları mühafizə edərək gələcəkdə verməyi özünə borc biləcəkdir. HD 275.3
Biz cah-cəlala və öz ehtiraslarımızın ödənilməsinə nə qədər çox vəsait sərf edəcəyiksə, acı yedirtmək və çılpağı geyindirmək üçün bir o qədər az ehtimal yaranır. Нәг bir ağılsız xərclənən qəpik bizi gözəl yaxşılıq etmək imkanından məhrum edir. Bu isə o deməkdir ki, biz Allahdan oğurlayaraq, Onu izzət və şərəfdən məhrum edirik, O bunu bizə etibar etdiyi talantların düzgün istifadə olunması ilə qəbul edə bilərdi. HD 276.1