Həyat Dərsləri

51/61

Qüvvələrimiz

Biz Allahı yalnız şüur və ürəyimizlə deyil, lakin özümüzün bütün qüvvələrimizlə sevməliyik. Bu bizim fiziki qüvvələrimizin tam, şüurlu istifadəsini nəzərdə tutur. HD 272.1

Məsih yalnız ruhlu işlərdə deyil, həm də dünyəvi işlərdə həqiqi zəhmətkeş idi. Özünün hər bir işində O Öz Atasının iradəsini yerinə yetirməkdə iradə və səy göstərirdi. Səmavi ilə dünyəvi şeylər çoxlarının güman etdiklərindən daha sıx bağlıdır və daha artıq Məsihin bilavasitə nəzarəti altındadır. Yerdəki ilk qurbangahın quruluşunu Məsih planlaşdırırdı. Süleymanın məbədinin inşasına dair konkret göstərişlər verən də O idi. Öz dünyadakı həyatında Nazaretdə dülgər işləyən Məsih həm də Onun adının izzətlənməli olduğu müqəddəs məbədin planını hazırlayan səmavi memar idi. HD 272.2

Məhz Məsih qurbangahın inşaatçılarına müdriklik bəxş etdi ki, bu da onlara bu işi həqiqi ustalıq və gözəlliklə icra etmək imkanı verdi. O dedi: “Bax, Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, qızıl, gümüş və tuncla işləməyi bacarsın, daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. Mən də Dan qəbiləsindən Aximasaq oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər” (Çıx.31:2-6). HD 272.3

Allah istəyir ki, Onun işçiləri hər bir işlərində Ona malik olduqları hər şeyi verən kimi baxsınlar. Нәг bir həqiqi kamilləşdirmə və ixtira Ondan törəyir, Onun Özü tövsiyədə ecazkar və işində kamildir. Həkimin bizim əsəb və əzələlərimizin vəziyyətini təyin edən əlinin həssaslığı, onun qəliz insan orqanizmini bilməyi İlahi qüdrətin əzab çəkənlərin xeyrinə bəxş etdiyi müdriklikdir. Dülgərin çəkiclə ustalıqla işləməsi, dəmirçinin zindana vurduğu qüvvəsi Allahdan gəlir. O, insana istedadlar bəxş etdi və gözləyir ki, insan öz işində məsləhət üçün Ona müraciət etsin. Biz nə iş görsək də, hansı işi bizə tapşırsalar da, O, şüurumuzu idarə etmək istəyir ki, öz işimizdə kamilliyə nail olaq. HD 272.4

Ruhlu və dünyəvi əmək bir-birindən o qədər də uzaq sahələr deyil. Müqəddəs Kitab prinsipləri bizim hər bir işimizin və sözümüzün əsası olmalıdır. İlahi və bəşəri qüvvələr həm dünyəvi, həm də ruhlu sahələrdə həqiqi müvəffəqiyyətə nail olmaq üçün birləşməlidirlər. Bu qüvvələr insan fəaliyyətinin bütün sahələrində, istehsal və kənd təsərrüfatında, ticarət və elmi layihələrdə həmrəy olmalıdırlar. Belə bağlılıq məsihçi fəaliyyətinin hər bir sahəsində təzahür edilməlidir. HD 273.1

Allah bəşəri və İlahi qüvvələrin buna bənzər birliyinin qurulması prinsiplərini bəyan etmişdir. Allahla bərabər işləyənlərin əsas aparıcı motivi hər cür fəaliyyətdə Onun izzətləndirilməsi fikri olmalıdır. Bizim hər bir işimiz Allaha məhəbbətdən doğmalı və Onun iradəsinə uyğun olaraq həyata keçirilməlidir. HD 273.2

Allahın iradəsini dini sitayişdə iştirak etdiyimizdə olduğu qədər binanın inşasında da yerinə yetirmək vacibdir. Əgər işçilər öz şəxsi xasiyyətlərinin formalaşmasında müqəddəs prinsipləri rəhbər tuturlarsa, hər bir binanın inşasında da onlar lütf və bilgilərdə yüksələcəkdirlər. HD 273.3

Əgər insan öz “mən”ini canlı qurban kimi qurbangaha qoymursa, Allah onun ən böyük istedadını da, ən gözəl xidmətini də qəbul etməyəcək. Kökün özü müqəddəs olmalıdır, əks halda o, Allahın qəbul edə biləcəyi məhsulu verə bilməz. HD 273.4

Rəbb Daniel və Yusifi ağıllı rəislər kimi yetişdirdi. O, onların vasitəsilə ona görə iş görə bildi ki, onlar öz istəklərini ödəmək üçün yaşamır, Allahın işinə yaramaq istəyirdilər. HD 273.5

Danielin nümunəsi bizim üçün ibrət dərsidir. O göstərir ki, işgüzar adam mütləq fəndgir və hiyləgər olmaya da bilər. O özünün hər addımında Allahın rəhbərliyini axtara bilər. Daniel Babil padşahlığının baş naziri, eyni zamanda Allahın peyğəmbəri idi və Ondan səmavi vəhy işığı alırdı. Fani şəxsi heysiyyətlər əsarətində olan dünyəvi dövlət xadimləri İlahi Kəlamda çiçəkləri məhsul verməyən otlara bənzədilmişlər. Rəbb Öz köməkçilərində müxtəlif istiqamətlərdə xidmət edə bilən insanları görmək istəyir. Ona özlərinin hər bir işində böyük həqiqət prinsiplərinə istinad edə bilən iş adamları da lazımdır. Ən dəqiq tədqiqat və səyli hazırlıq ilə onlar öz istedadlarını kamilləşdirməlidirlər. Əgər insanlara hansısa fəaliyyət sahəsində daha müdrik və səmərəli olmaq üçün bütün olan imkanlardan istifadə etmək gərəkdirsə, bunu bütün güc və bacarıqlarını dünyamızda Allahın Padşahlığının qurulmasına həsr edənlərin xeyrinə etmək lazımdır. Ən dəqiq təhlil edərək, biz Danielin bütün fəaliyyətində heç bir səhv, yaxud yanılma aşkar edə bilmərik. Hər bir iş adamı üçün o, nümunə olmalıdır. Danielin taleyi bizə göstərir ki, Allahın xidmətinə öz şüur və əllərinin var qüvvəsini, bütün ürəyini və həyatını verən insan nəyə qadir ola bilər. HD 273.6