Həyat Dərsləri

50/61

Sağlamlıq

Sağlamlıq Rəbbdən gələn elə bir xeyir-duadır ki, onu az adam dəyərləndirir; lakin eyni zamanda, bizim əqli və fiziki qüvvələrimizin istifadə edilməsinin effektivliyi əsas etibarilə ondan asılıdır. Bütün impulslar, vadaredici səbəblər və hisslər bizim bədənimizdə yaranır. Məhz buna görə də o, ən yaxşı fiziki vəziyyətdə saxlanılmalıdır və ən yüksək ruhlu təsir altında olmalıdır ki, bizim istedad və qabiliyyətlərimiz ən yaxşı surətdə istifadə edilə bilinsin. HD 270.1

Fiziki sağlamlığımızı korlayan hər şey bizim şüurumuzu da zəiflədərək, onun yaxşını pisdən seçmək qabiliyyətini məhv edir. Biz xeyrə qarşı qeyri-həssas oluruq və düzgün saydığımızı etmək üçün güc və iradəmizi itiririk. HD 270.2

Fiziki qüvvələrimizin mənasız xərclənməsi ömrümüzü qısaldır, halbuki bizim qüvvələrimiz Allahın izzətləndirilməsinə xidmət edə bilərdi. Çox vaxt bu bizi Allahın dəvət etdiyi işi yerinə yetirməyə tamamilə qabiliyyətsiz edir. Öz zərərli vərdişlərimizi təşviq edərək, mənasız yerə gecə yarısına qədər oturaraq, öz sağlamlığımızın zərərinə iştahamıza rəvac verərək öz fiziki gücümüzü zəiflədirik. İdmana etinasızlıq edərək, şüur və bədənimizi həddindən çox yükləyərək öz sinir sistemimizin tarazlığını pozuruq. O şəxslər ki, təbiət qanunlarını pozaraq və beləliklə öz ömürlərini qısaldaraq özlərini Allaha bütövlüklə xidmətdən məhrum edirlər, Ondan oğurlamaqda təqsirkardırlar. Bundan əlavə, onlar öz qonşularından da oğurlayırlar, çünki öz yararlı fəaliyyət müddətlərini qısaldır və başqalarına xeyir-dua verməyə qadir olmurlar, fəqət Allah onları dünyaya bunun üçün göndərmişdir. Müəyyən bir zaman ərzində edə biləcəkləri iş üçün özlərini yararsız edirlər. Əgər öz sağlamlığımızı zərərli vərdişlərlə korlayaraq, dünyanı bizim vasitəmizlə bəxş oluna biləcək xeyirdən məhrum ediriksə, Rəbb bizi təqsirkar sayır. HD 270.3

Beləliklə, fiziki qanunların pozulması həm də ruhlu qanunların pozulmasıdır, çünki Allah yalnız ruhlu qanunun deyil, həm də fiziki qanunların həqiqi yaradıcısıdır. Onun qanunu ilə insana bəxş olunmuş һәг əsəbdə, hər əzələdə və hər bir qabiliyyətdə Öz əli təcəssüm etdirilmişdir. Hər dəfə öz bədənimizin hansısa hissəsi ilə pis rəftar etdiyimiz zaman biz Allahın Qanununu pozuruq. HD 271.1

Hər bir şəxs öz bədənini tanımalı və başa düşməli, xüsusiyyətlərini bilməlidir ki, onu düzgün saxlaya bilsin, Rəbbin işini yerinə yetirməyə hazır olsun. Fiziki sağlamlığımızı daim həssaslıqla qorumalı və inkişaf etdirməliyik ki, İlahi təbiət bütün dolğunluğu ilə insan təbiətində açıla bilsin. Tərbiyə işinin ən mühüm tərəflərindən biri bədənin fiziki fəaliyyəti ilə ruhlu həyatı arasındakı əlaqəni başa salmaqdır. Bu məsələlərə həm evdə, həm də məktəbdə xüsusi diqqət yetirmək lazımdır. Hamının öz fiziki quruluşu və təbii həyatı idarə edən qanunlar haqqında təsəvvürü olmalıdır. Bilərəkdən bu qanunları bilməməzliyə salan və cahilliyinə görə onları pozan şəxslər Allah qarşısında günah edirlər. Hər bir şəxs öz həyat və sağlamlığını qorumalıdır. Bizim vərdişlərimiz şüurumuzun, o isə öz növbəsində Allahın nəzarətində olmalıdır. HD 271.2

“Məgər bilmirsiniz ki, — həvari Pavel deyir, — bədənləriniz sizdə yaşayan Müqəddəs Ruhun məbədidir və Onu sizə Allah vermişdir və siz özünüzə məxsus deyilsiniz? Zira siz çox baha qiymətə alınmısınız. Buna görə Allahınkı olan bədəninizlə və ruhunuzla Allahı izzətləndirin” (1 Kor. 6:19, 20). HD 271.3