Həyat Dərsləri
Əqli qabiliyyətlər
Allah bizdən əqli qabiliyyətlərimizi inkişaf etdirməyi tələb edir. O gözləyir ki, Onun qulları onları əhatə edənlərdən daha böyük şüur və fərasətə malik olacaqlar və onları Öz tarlasında fəal, işgüzar, dərin biliyə malik olan işçilər olmaq əvəzinə, həddən artıq qayğısız və tənbəl görəndə kədərlənir. Rəbb istəyir ki, biz Onu bütün ürəyimizlə, bütün canımızla, bütün şüur gücümüzlə sevək. Bu bizim üzərimizə daim öz təfəkkürümüzü inkişaf etdirmək vəzifəsini qoyur ki, biz onun imkanlarından bütün dolğunluğu ilə istifadə edərək, Yaradanımızı daha dərin dərk edək və daha güclü sevək. HD 257.1
Əgər biz Onun Ruhunun idarəsindəyiksə, bizim təfəkkürümüz olduqca dolğun inkişaf edir və beləliklə, Rəbbə xidmət üçün daha səmərəli istifadə oluna bilər. Rəbb Öz işində savadsız, lakin özlərini bütövlüklə Allaha həsr etmiş və öz yaxınlarına xeyir-dua gətirmək istəyən insanlardan istifadə edir və edəcəkdir. Lakin belə bir müqəddəs ruha malik olan və eyni zamanda təhsil üstünlüyünə malik olan şəxs Məsih üçün olduqca əhəmiyyətli iş görə bilər, çünki böyük imkanlara malikdir. HD 257.2
Rəbb istəyir ki, biz hərtərəfli təhsil alaraq, əldə etdiyimiz bilikləri digər insanlarla bölüşək. Heç kim qabaqcadan deyə bilməz ki, o, Allaha harada və necə xidmət edə, yaxud Onun haqqında danışa biləcək. Yalnız Səmavi Atamız görür və bilir ki, Öz qullarının qüvvə və bacarıqlarından necə səmərəli istifadə etmək olar. Bizim qarşımızda daim yeni-yeni imkanlar açılır, bizsə öz imanımızın zəifliyindən onları görə bilmirik. Biz öz şüurumuzu o dərəcədə inkişaf etdirib zənginləşdirməliyik ki, lazım olduqda Onun Sözünün həqiqətlərini dünyanın ən nüfuzlu şəxsləri qarşısında elə tərzdə nümayiş etdirə bilək ki, Onun adı izzətləndirilsin. Allaha xidmət üçün təfəkkürümüzün inkişafına yaranan heç bir imkanı əldən buraxmamalıyıq. HD 257.3
Qoy təhsilə ehtiyacları olan gənclər ona malik olmaq üçün inadla çalışsınlar. Yalnız xaricdən kömək gözləməyin, lakin bu imkanları özünüz yaradın. Bundan ötrü əlinizə düşən hətta ən kiçik imkandan belə istifadə edin. Qənaətcil olun. Öz vəsaitlərinizi pozulmuş iştahanızın ödənilməsinə, yaxud da əyləncə axtarışına sərf etməyin. Allah sizdən gözlədiyi kimi, Ona xidmətdə yararlı və bacarıqlı olmaq üçün qərarlı olun. Özünüzün hər bir başlanğıcınızda əsaslı və sədaqətli olun. Öz intellektinizi möhkəmləndirmək üçün əlinizə düşən һәг bir imkandan istifadə edin. Kitabların təhlilini yararlı fiziki əməklə birləşdirin və inadla, iman və dua ilə yuxarıdan göndərilən müdrikliyə bağlanın. Beləliklə, siz hərtərəfli inkişaf edəcəksiniz. Bu sizə xasiyyətinizi kamilləşdirmək, başqalarının şüuruna təsir etmək, onları şərəf və qüdsiyyət yolu ilə aparmaq imkanı verəcəkdir. HD 258.1
Əgər malik olduğumuz imkan və üstünlükləri aydın dərk etsəydik, şəxsi təhsil işi olduqca uğurlu olardı. Həqiqi təhsil kollec diplomundan qat-qat böyük bir şeydir. Əlbəttə, elmlərin öyrənilməsinə etinasızlıq göstərmək düzgün deyildir, lakin həqiqi ali təhsil mövcuddur ki, ona yalnız Allahla canlı rabitə vasitəsilə nail olmaq olar. Qoy hər bir tələbə Müqəddəs Kitabı əlinə götürsün və onu öyrənərək, ən dahi Müəllimi dinləmək üçün öz ürəyini açsın. Qoy sizin şüurunuz hazır olsun ki, İlahi həqiqətə aparan yolda çıxa biləcək problemlərə qalib gələ bilsin. HD 258.2
Öz yaxınlarına xeyir-dua olmaq üçün yeni biliklərə can atan şəxslər, özləri Allahdan xeyir-dua alacaqdırlar. İlahi Kəlamın öyrənilməsi onların əqli qabiliyyətlərini genişləndirəcək, şüurlarını möhkəmləndirəcək və onları daha ciddi əməyə sövq edəcəkdir. HD 258.3
Allahın işçisi olmaq istəyən hər kəs öz həyatında şəxsi intizam göstərməlidir. Bu, natiqlik qabiliyyəti, yaxud da ən parlaq istedadlardan daha çox iş görəcəkdir. Ən adi, lakin şəxsi intizama öyrənmiş şüur mühüm dərəcədə yaxşı və daha çox iş görəcəkdir, nəinki ali savadlı və möhtəşəm istedadlar şəxsi intizamdan məhrum olduqda. HD 259.1