Həyat Dərsləri

45/61

Digər talantlar

Məsəldə nümayiş etdirilən talantlar yalnız Ruhun xüsusi hədiyyələri deyildir. Burada insanın bütün ənam və qabiliyyətlərindən, anadangəlmə, yaxud əldə edilmiş, təbii yaxud, ruhlu hədiyyələrdən bəhs edilir. Onların hamısı Məsihə xidmətə həsr olunmalıdır. Onun şagirdləri olarkən biz malik olduğumuz hər şeylə birlikdə özümüzü Ona veririk. Bizim bu hədiyyələrimizi O bizə təmizlənmiş və nəcibləşdirilmiş şəkildə qaytarır ki, onlar Onun izzəti və yaxınlarımızın xeyri naminə istifadə oluna bilinsin. HD 253.1

Hər bir adama Allah “gücünə görə” verir. Talantlar təsadüfi paylanmır. Kim beş talant saxlamağa qadirdirsə, beşini alır. Kim özündə yalnız iki talant inkişaf etdirə bilərsə, ikisini alacaqdır. Kim yalnız birindən ağılla istifadə edə bilirsə, birini də alacaqdır. Heç kim gileylənməməlidir ki, ona böyük ənamlar verilmədi; çünki o Şəxs ki onları hər bir adama bəxş edib, böyük, yaxud kiçik olmasından asılı olmayaraq, hər bir etibar olunmuş talantla izzətləndirilir. Beş talant almış şəxs onları çoxaldaraq qaytarmalıdır, bir talant almış da həmin bir talantı çoxaldaraq qaytarmalıdır. Allah əvəzini “insanda olmayan mala görə deyil, olan mala görə” gözləyir (2 Kor. 8:12). HD 253.2

Məsəldə “beş talant alan dərhal gedib onlarla ticarət etdi, beş talant daha qazandı. İki talant alan da beləcə iki talant daha qazandı”. HD 253.3

İnsana bəxş edilmiş bütün talantlar, nə qədər az olsalar da, sərfəli şəkildə istifadə olunmalıdır. Biz özümüzə “Mənə nə qədər verilib?” sualını yox, “Mən malik olduğumla nə edirəm?” sualını verməliyik. Bütün qabiliyyətlərimizin və qüvvələrimizin inkişaf etdirilməsi Allah və yaxınlarımız qarşısında bizim başlıca vəzifəmiz olmalıdır. Əgər qabiliyyət və yararlılığı gündən-günə çoxalmırsa, heç bir şəxs Allahın ondan ötrü nəzərdə tutduğu həyat məqsədini yerinə yetirmir. Məsihə iman etdiyimizi bəyan edərkən, biz üzərimizə Rəbbimiz üçün mümkün qədər yararlı işçilər olmaq vəzifəsini götürürük və biz özümüzün hər bir qabiliyyətimizi ən yüksək kamilliyə çatdırmalıyıq ki, bacardığımızın ən yaxşısını görə bilək. HD 253.4

Rəbbin görülməli olan böyük işi vardır və O, gələcək həyatda ən yaxşısını o kəslərə verəcəkdir ki, onlar bu həyatda sədaqətlə və məcbur edilmədən xidmət edir. Rəbb bu dünyada iş görmək üçün Özünə köməkçilər seçir və hər gün, ən müxtəlif vəziyyətlərdə Onun planını həyata keçirmək naminə etdikləri hər bir duaya cavab verərək, təcrübələrini artırır. O Özünə köməkçiləri kamil olduqlarına görə deyil, Onunla ittifaqda kamilliyə çata biləcəklər deyə seçir. HD 254.1

Allah yalnız yüksəklərə can atanları qəbul edəcəkdir. O güman edir ki, Onun hər bir köməkçisi bacardığının ən yaxşısını edəcəkdir. Bu zaman onların hər birindən həm də əxlaqi kamillik tələb olunur. Biz heç bir vaxt öz irsi, yaxud əldə edilmiş olan şərə təmayülümüzü ona uyğunlaşdırmaq üçün salehlik standartını aşağıya salmamalıyıq. Biz daim xatirimizdə saxlamalıyıq ki, xasiyyətimizin qüsurları günaha aiddir. Bütün nəcib, müqəddəs keyfiyyətlər Allahda cəmləşmişdir və Məsihi Öz şəxsi Xilaskarı kimi qəbul edən hər bir adam bu keyfiyyətlərə malik olmaq üstünlüyü əldə edir. HD 254.2

Allahın həmişçisi olmaq istəyən hər bir şəxs öz bədəninin hər bir hissəsinin kamilliyinə və öz şüurunun hər bir xüsusiyyətinin inkişafına çalışmalıdır. Həqiqi təhsil almaq bütün fiziki, əqli və əxlaqi keyfiyyətləri yüksək vəzifələrin icrası üçün hazırlamaq deməkdir; bu, bədəni, əqli və qəlbi Allaha sitayiş üçün hazırlamağı nəzərdə tutur. Belə təhsil əbədiyyətdə də davam etdiriləcəkdir. HD 254.3

Rəbb hər bir məsihçidən xidmət və qabiliyyətlərinin bütün sahələrdə yüksəlməsini gözləyir. Məsih günahımızı bizim əvəzimizə Öz qanı və əzabları ilə ona görə yudu ki, könüllü, səmimi ibadətimizi təmin etsin. O, dünyaya gəldi ki, bizim necə işləməli olduğumuza və öz işimizi hansı ruhla görməli olduğumuza nümunə versin. Məsih istəyir ki, biz Onun işinin dünyaya yüksək formada tərəqqisinin yollarını öyrənək və böyük məhəbbət, sədaqət və şərəflə Atanın adını izzətləndirək. Çünki O, “dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi... ki, Ona iman edən hər adam həlak olmasın, əbədi həyata malik olsun” (Yəh. 3:16). HD 254.4

Lakin Məsih kamil xasiyyətə nail olmağın asan bir məsələ olduğu barədə bizə zəmanət vermir. Nəcib, bütöv xasiyyət irsən keçmir. O bizə təsadüf nəticəsində verilmir. Belə xasiyyət insanın şəxsi səyləri ilə, Məsihin xidmətləri və lütfü vasitəsilə hazırlanır. Allah bizə talantlar, şüur qüvvələri bəxş edir; biz isə xasiyyətimizi öz şəxsi “mən”imizlə ağır və inadlı mübərizədə formalaşdırırıq. Biz pis vərdişlərimizə qarşı ardıcıl döyüşlər aparmalıyıq. Özümüzü diqqətlə təhlil edib tənqidi qiymət verməliyik ki, heç bir pis cəhətimiz düzəlməmiş qalmasın. HD 255.1

Qoy heç kim deməsin ki, mən öz xasiyyətimin qüsurlarını düzəldə bilmirəm. Siz belə bir nəticəyə gəlsəniz, uğursuzluğa düçar olacaq və heç zaman əbədi həyata nail olmayacaqsınız. İstəyin olmaması — əbədi həyata malik olmağın əsas əngəli budur. Əgər siz istəmirsinizsə, qalib gələ bilməyəcəksiniz. Həqiqi çətinlik qüdsləşməmiş ürəyin pozğunluğunda və özümüzü Allahın nəzarətinə tabe etmək istəməməkdədir. HD 255.2

Allahın böyük və çətin işin görülməsi üçün səxavətlə hədiyyələr verdiyi çoxları məhz ona görə çox zəif nəticələr əldə etdilər ki, onlar çoxa heç nail olmağa da çalışmırdılar. Minlərlə insan həyatda elə yaşayır ki, sanki onların həyatda nə müəyyən məqsədləri, nə də çatmaq istədikləri yüksəklik vardır. Öz işləri müqabilində onlar müvafiq ödəniş alacaqdırlar. HD 255.3

Unutmayın ki, siz heç zaman qarşınıza qoyduğunuz məqsəddən çoxuna nail olmayacaqsınız. Ən yüksək məqsədlər qoyaraq, addım-addım, bəzən ağrı, fədakarlıq və qurbanlar vasitəsilə bütün tərəqqi nərdivanı boyunca qalxmaq gərəkdir. Heç nəyin qarşısında dayanmayın. Bəxtin dönüklüyü hələ heç kimi o qədər möhkəm sarsıtmayıb ki, ümidsizliyə qapılmalı olsun. Ağır şəraitlər bizdə onlara qalib gəlmək qərarı oyatmalıdır. Biz qarşımıza çıxan birinci əngəli keçdikdən sonra irəliyə getmək üçün yeni cəsarət və yeni qüvvə əldə edəcəyik. Doğru istiqamətlə getməkdə inadlı olun və siz tezliklə aşkar edəcəksiniz ki, şəraitlər bizim düşmənlərimiz yox, köməkçilərimiz olur. HD 255.4

Öz xasiyyətinizi Rəbbin izzəti naminə dəyişməkdə qeyrətli olun. Daim, xasiyyətinizin formalaşmasının hər mərhələsində Allahın işinə yaramağa çalışın. Siz bunu edə bilərsiniz, çünki Xənok ümumi pozğunluq dövründə Allahın işinə yaradı. Xənoka bənzəyənlər bu gün də vardır. HD 256.1

Daniel kimi, o sədaqətli ər kimi möhkəm dayanın ki, heç bir imtahan ona qalib gələ bilmirdi. Sizə olan məhəbbətindən Öz Şəxsi həyatını sizin günahlarınızı yumaq üçün verəni kədərləndirməyin. O deyir: “Mənsiz heç bir şey edə bilməzsiniz” (Yəh. 15:5). Bunu heç vaxt unutmayın. Əgər səhv etmisinizsə, lakin onları dərk edir və onlarda təhlükə haqqında xəbərdarlıq edən mayaklar görürsünüzsə, siz, şübhəsiz ki, qalibsiniz. Bununla siz məğlubiyyəti qalibiyyətə döndərərək, öz düşməninizi pərt edir və öz Xilaskarınızı izzətləndirirsiniz. HD 256.2

İlahi xasiyyətə uyğun olan xasiyyət yeganə sərvətdir ki, onu biz bu həyatdan gələcəyə арага bilərik. Bu dünyada Məsihin rəhbərliyi altında olanlar özləri ilə səmavi iqamətgaha buradakı bütün İlahi nailiyyətlərini götürəcəkdirlər. Əbədiyyətdə biz inkişafımızı davam etdirəcəyik. Bax buna görə artıq bu həyatda öz xasiyyətimizi yorulmadan kamilləşdirmək vacibdir. HD 256.3

Səmavi varlıqlar qərarlı imanla əməldə kamilliyə çatan mükəmməl xasiyyətə malik olmaq istəyən insana kömək edəcəkdirlər. Xasiyyətinin səma ölçülərinə uyğun formalaşması yolunu tutmuş hər bir adama Məsih deyəcəkdir: “Mən sənə kömək etmək üçün sənin sağ tərəfindəyəm”. İnsanın iradəsi Allahın iradəsi ilə birləşdiyi zaman o hər şeyə qadir olur. Onun əmri ilə görülməli iş Onun qüvvəsi ilə yerinə yetirilə bilər. Onun bütün əmrləri onların icra edilməsi üçün qüvvə və imkanları nəzərə alır. HD 256.4